CƏMİYYƏT
FHN Akademiyasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib













Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının yaradılmasının 15 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə FHN-in rəhbər şəxsləri, ölkədə fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri, Akademiyanın professor-müəllim heyəti, kursantlar və onların valideynləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən təntənəli mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Akademiyanın əməkdaşları və kursantlarını yubiley münasibətilə təbrik edib.
E.Mirzəyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.
Nazir müavini bildirib ki, anadan olmasının 100 illiyini böyük coşqu, təntənə və minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin, təhsilinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib.
Ümummilli Liderin müdrikliklə müəyyənləşdirdiyi və həyata keçirdiyi təhsil siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısı ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi qayğı göstərir, respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə mühüm qərarlar qəbul edir.
Bu çərçivədə, yaradılan ali təhsil ocaqlarından biri də 15 illiyi qeyd edilən Fövqəladə Hallar Nazirliyinin Akademiyasıdır. Akademiya FHN-nin fəaliyyətinin müasir tələblərə uyğun təmin etmək məqsədilə xüsusi ixtisaslı ali təhsilli kadrlara olan ehtiyac nəzərə alınaraq Prezident İlham Əliyevin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılıb.
Nazir müavini qeyd edib ki, 2013-cü il dekabrın 27-də Prezident İlham Əliyev Akademiyanın binasının açılışında iştirak edərkən görülmüş işlərə qiymət verib, Akademiya qarşısında duran mühüm vəzifələri müəyyənləşdirib.
Bu gün fəaliyyətinin 15 illiyi qeyd edilən Akademiyanın ötən müddətdə ən müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılıb, güclü pedaqoji heyət formalaşdırılıb, kursantların tədris və təlimi, sosial-məişət şəraiti yüksək səviyyədə təmin edilib. Ötən illər ərzində təhsil ocağının fövqəladə hallarla mübarizə sahəsində zəngin biliklərə yiyələnmiş 1130 nəfər məzun buraxılışı olub. 2016-cı ildən isə Akademiyada qiyabi təhsil də təşkil olunub.
E.Mirzəyev dövlətimizin başçısı tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğının, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisi olduğunu vurğulayıb.
Daha sonra FHN Akademiyasının rəisi general-mayor Baba Salayev çıxış edərək ali təhsil müəssisəsinin tarixindən və fəaliyyətindən söhbət açıb, əldə edilmiş nailiyyətlərdən danışıb.
Akademiyanın məzunları adından ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş ilk məzun olan kapitan Fuad Mirqulamlı və məzun, qazi mayor Süleyman Heydərov çıxış edərək sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Akademiyanın bir qrup əməkdaşının təltif olunması barədə fövqəladə hallar nazirinin əmri oxunub.
Mərasimdə tədbir iştirakçılarının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış müraciəti səsləndirilib.
Mərasim Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.