CƏMİYYƏT
FHN “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirib
Bakı, 2 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteninin “Dərnəgül” stansiyasında birgə yanğın-taktiki təlim keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-məşqin mövzusu “Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğının söndürülməsi olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanıb. Bununla yanaşı, hadisə barədə nazirliyin 112 - qaynar telefon xəttinə məlumat verilib.
Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisənin baş verdiyi ünvana gələrək şərti yanğını qısa müddətdə söndürüblər.
Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə məlumat veriblər.