ELM VƏ TƏHSİL
FHN Bakı Regional Mərkəzi “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də FHN Bakı Regional Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, dərsin keçirilməsində məqsəd universitetin müəllim və tələbə heyəti arasında mülki müdafiə biliklərinin təbliği, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.
Tədbirdə FHN Bakı Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının nümayəndələri, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib.
Nümunəvi dərs nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
Tədbiri giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbirin əhəmiyyətini vurğulayıb, bu dərsin təşkili ilə bağlı Bakı Regional Mərkəzinə minnətdarlığını bildirib.
Daha sonra Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev çıxış edərək heç kəsin fövqəladə hallardan sığortalanmadığını, bu sahədə əldə olunacaq biliklərin hər kəs üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının nümayəndələri tərəfindən əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, davranış qaydaları, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Praktik hissədə isə FHN Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin xilasediciləri tərəfindən xilasetmə texnika və avadanlıqları, FHN Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının əməkdaşları tərəfindən isə səyyar kimya laboratoriyası nümayiş etdirilib, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.
Nümayiş olunan xilasetmə texnika və avadanlıqları ilə bağlı tədbir iştirakçılarını maraqlandıran digər suallar Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb.