CƏMİYYƏT


FHN: Bakıda yanğın təhlükəli mağazanın fəaliyyəti dayandırılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi, 1B ünvanındakı “Aventos” kişi geyimləri mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.

Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb, elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların və normativ sənədlərin tələblərinə uyğun olaraq quraşdırılmayıb, yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Eləcə də insanların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyat təxliyə yolu əşyalarla tutulub, ilkin yanğınsöndürmə alət və vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb. Yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməyib, yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyəsinə) kömək edən qurğularla təmin olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi, 1B ünvanında yerləşən “Aventos” kişi geyimləri mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.