CƏMİYYƏT
FHN: Biləcəri qəsəbəsində intihara cəhdin qarşısı alınıb
Bakı, 1 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Vüsal Araz oğlu Babazadə, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən binanın damına çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddətdə xilasedici qruplar tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.