CƏMİYYƏT
FHN: Bu ilin doqquz ayında respublika ərazisində ümumilikdə 13 min 231 hadisə baş verib
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində respublika ərazisində ümumilikdə 13 min 231 təbii və texnogen mənşəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisələr zamanı nazirliyin qüvvələrinin effektiv fəaliyyəti sayəsində bilavasitə 36 nəfərin həyatı xilas edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 17 nəfər və ya 89 faiz çox deməkdir. Həmçinin hesabat dövründə baş vermiş hadisələrlə bağlı FHN-in qüvvələri tərəfindən 496 nəfər təxliyə edilib. Bu da ötən illə müqayisədə 113 nəfər və ya 30 faiz çoxdur.
Doqquz ayda baş vermiş təbii və texnogen mənşəli hadisələr zamanı ümumilikdə 36 nəfər, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz daha az insan həyatını itirib. Həmçinin 159 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hesabat dövrünün təhlili onu göstərir ki, baş verən hadisələrin böyük əksəriyyəti insan faktorunun rol oynadığı texnogen mənşəli hadisələrin, xüsusilə yanğınların payına düşür. Ona görə də nazirlik bir daha əhaliyə diqqətli olmağı, böyük faciələrə yol aça biləcək hadisələrin qarşısını vaxtında almaq üçün məsuliyyətli davranaraq təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir.