CƏMİYYƏT
FHN Cəlilabad rayonunda pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbir keçirib
Bakı, 9 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda maarifləndirici müşavirə keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi vurğulanıb. Eyni zamanda, müşavirədə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil olunmasının zəruriliyi də vurğulanıb.
Daha sonra pambıq əkilmiş sahələrin ətrafındakı kommunikasiya xətləri olan ərazilərə baxış keçirilib, yanğın təhlükəsizliyi ilə bağlı aşkarlanmış nöqsanların aradan qaldırılmasının vacibliyi məsul şəxslərin diqqətinə çatdırılıb.