CƏMİYYƏT


FHN Dövlət Yanğın Nəzarəti Xidməti İmişli rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirləri davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İmişli şəhəri ərazisində yerləşən “İmişli Neft Terminalı” MMC-yə məxsus İmişli Neft Terminalında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd olaraq, obyektin ərazisində aparılmış inşaat və yenidənqurma işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Eləcə də yanacağı nəql edən boru xətlərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib. Həmçinin ərazidə qəza anbarı və bəndlər inşa edilməyib, obyekt ildırımötürücü qurğu ilə təchiz olunmayıb. Elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və təhlükəli vəziyyətdə istismarına yol verilib. Bundan başqa, obyektin normativ sənədlərin tələblərinə uyğun odsöndürənlərlə təchiz olunmadığı, ərazinin quru ot və kol-kosdan, yanar tullantı materiallarından təmizlənmədiyi, yanğın su hovuzunun saz vəziyyətə gətirilmədiyi və tələb edilən sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı məlum olub.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsinin hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək ətraf ərazilərə yayılmaqla, o cümlədən yaxınlıqdakı yaşayış obyektləri üçün təhlükə riskini yaratmaqla faciəni qaçılmaz edəcəyi nəzərə alınaraq lazımi qərar qəbul edilib.

İmişli Neft Terminalının nümayəndəsi Məmmədov Xəqani Xəlil oğluna təqdim edilən qərara əsasən, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı “İmişli Neft Terminalı” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus İmişli Neft Terminalında saxlanılan asan alışan mayelər kənarlaşdırılmaqla işlərin görülməsi dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.