CƏMİYYƏT
FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirləri davam etdirir VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu aşkarlayıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı müəssisənin istehsal sahəsinin normalara uyğun təxliyə çıxışları ilə təmin olunmadığı, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verildiyi, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, bina və qurğuların avtomatik yanğın xəbərverici siqnalizasiya, tüstüxaricetmə və ventilyasiya qurğuları və yanğına qarşı su təchizatı sistemi ilə təmin olunmadığı, obyektin tələb edilən zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmadığı müəyyənləşdirilib. Həmçinin obyektə mövcud istismar müddəti başa çatmış osdondürənlərin tərkibi yenisi ilə əvəz olunmadığı, otaqların yenidən planlaşdırılması, onların təyinatının dəyişdirilməsi və ya yeni texnoloji avadanlıqlarla təmin edilməsi zamanı qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət edilməməsi, xammal anbarı istehsal sahəsindən yanğına qarşı arakəsmə divarlarla təcrid olunmadığı, yenidənqurma, genişləndirmə və fəaliyyətin dəyişdirilməsi Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmadığı, daşınmaz əmlakın icbari sığortasının həyata keçirilmədiyi aşkarlanıb.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsinin rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.