CƏMİYYƏT


FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirlərini davam etdirir VİDEO

Bakı, 15 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu aşkarlayıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı müəssisənin ərazisinin, bina və tikililərin yanğına qarşı ara məsafələrinin yanar tullantılardan vaxtaşırı təmizlənmədiyi, inzibati binanın və istehsal sahəsinin normalara uyğun təxliyə çıxışları ilə təmin olunmadığı, bina və qurğuların avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları, yanğına qarşı su təchizatı sistemləri ilə təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verildiyi, insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı”nın tərtib edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə mövcud istismar müddəti başa çatmış odsöndürənlərin tərkibinin yenisi ilə əvəzlənmədiyi, obyektin tələb olunan zəruri sahələrinin ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmadığı, yanğın su hovuzunun saz vəziyyətə gətirilmədiyi, yanğın texnikasının su mənbəyinə yaxınlaşması və manevr edə bilməsi üçün normalara uyğun meydançanın təşkil edilmədiyi, yanğınların söndürülməsi üçün istifadə edilən yanğına qarşı su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan sahələrə sərbəst yaxınlaşmaq üçün keçidlərin tutulduğu, daşınmaz əmlakın icbari sığortasının həyata keçirilmədiyi, ərazinin gecə vaxtı işıqlandırılması təmin olunmadığı aşkarlanıb.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodda rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.