CƏMİYYƏT
FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 12 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən biçilmiş taxıl sahəsində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirində rayon polis şöbəsinin, “Aqrolizinq” MMC-nin məsul əməkdaşları, habelə Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, tədbirdə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.