CƏMİYYƏT
FHN: Düşmənin atəşi nəticəsində Tərtər rayonunda iki evdə və bir təsərrüfat obyektində yanğın baş verib
Bakı, 15 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin bir hissəsinin yanmasına səbəb olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əraziyə cəlb olunan müvafiq qüvvələri evin qalan hissəsini yanğından mühafizə ediblər.
Bundan başqa, mərmi düşməsi nəticəsində Ağdam rayonunda ayrı-ayrı vətəndaşlara iki evdə və bir təsərrüfat obyektində yanğınlar baş verib. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.