CƏMİYYƏT
FHN: Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri atəşə tutmaqda davam edir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi evə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmənin ağır artilleriya atəşləri nəticəsində 13 mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.