CƏMİYYƏT


FHN “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji mənbələr” mövzusunda seminar-müşavirə təşkil edib

Bakı, 17 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və “İzotop” xüsusi kombinatının təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki nazirliyin Qarabağ Regional Mərkəzində “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji mənbələr” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə nazirliyin məsul şəxsləri, işğaldan azad olunmuş rayonların, eyni zamanda azad olunmuş ərazilərə yaxın yerləşən, Ermənistanın raket və mərmi hücumlarına məruz qalmış rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıb. İşğal dövründə ermənilər tərəfindən yaşayış məntəqələrimizin tamamilə dağıdıldığını qeyd edən idarə rəisi, həmin müddətdə təbiətə də ciddi ziyan vurulması faktına diqqət çəkib. Bildirib ki, bölgədə radioekoloji vəziyyətlə əlaqədar yarana biləcək fəsadların vaxtında müəyyənləşdirilərək aradan qaldırılması hazırda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Sonra “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov seminar-müşavirə iştirakçılarına radiasiya təhlükəsizliyi, radiasiya mənbələri barədə məlumat verib, müharibə vaxtı düşmənin istifadə etdiyi “fosforlu” və digər təhlükəli silahların radiasiya təhlükəsindən danışıb. O, bildirib ki, Ermənistanda SSRİ-nin silah arsenalından qalmış hərbi təyinatlı, radiasiya təhlükəsi yaradan çoxlu cihazlar olub. Buraya, o cümlədən gecəgörmə nişangahları, hərbi təyinatlı kompas və saatlar, hərbi avtomobillərdə yerləşdirilən cihazlar daxildir. F.Aslanov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizə səfər edən şəxslər çox diqqətli olmalı, belə cihazlara rast gəldikdə dərhal müvafiq dövlət orqanlarına məlumat verməlidirlər. Bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdır.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına “İzotop” xüsusi kombinatı tərəfindən hazırlanmış “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji təhlükəli mənbələr” və “Radiasiya təhlükəsizliyi üzrə təlimat” kitabçaları paylanılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.