CƏMİYYƏT
FHN: Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbirlər keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində və Yevlax rayonunun Xanabad kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirlərdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair tövsiyələr verilib, belə su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda kiçikhəcmli gəmi istifadəçilərinə həmin gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.