CƏMİYYƏT


FHN: Kürdəxanı qəsəbəsindəki yaşayış binasında yanğın zamanı 28 nəfər təxliyə olunub VİDEO

Bakı, 11 noyabr, AZƏRTAC

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğının genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu və qatı tüstülənmədən bina sakinlərinin həyatı üçün təhlükə yarandığı müəyyənləşdirilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 9-u uşaq və doqquzu yaşlı olmaqla ümumilikdə 28 nəfər təxliyə olunub. Binanın şaxtasında 27 poqonometr elektrik naqilləri yanıb, mənzillər yanğından mühafizə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.