CƏMİYYƏT


FHN Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı, 1 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 1-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatda yanğın barədə nazirliyin 112 - qaynar telefon xəttinə saat 11:07-də məlumat daxil olduqdan cəmi beş dəqiqə sonra – saat 11:12-də Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələrinin hadisə yerinə çatdıqları qeyd edilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verdiyi və bu səbəbdən bina daxilində yaranmış qatı tüstünün sakinlər üçün təhlükə yaratdığı müəyyən edilib. Dərhal həyata keçirilən operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və alovun mənzillərə keçməsinin qarşısı alınıb. Eyni zamanda, bina sakinləri təxliyə ediliblər.

Yanğın nəticəsində binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabellərinin 150 poqonometrlik hissəsi yanıb. Mənzillər və şaxtadan keçən kabellərin qalan hissəsi yanğından mühafizə olunub. Ümumilikdə 80 nəfər bina sakini təxliyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.