CƏMİYYƏT
FHN “Neft və qazma qurğularında yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirib
Bakı, 10 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğına qarşı təbliğat xarakterli tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, trestin 412 saylı qazma qurğusunda “Neft və qazma qurğularında yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən tədbirdə rəhbər və mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib. Yanğına qarşı təbliğat xarakterli tədbirdə mühəndis-texniki işçilər, fəhlələr ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri haqqında məlumatlandırılıb. Yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında ətraflı danışılaraq yanğın avadanlığına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb.
Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunmasında ən vacib vəzifələrdən birinin də müəssisələr tərəfindən mühəndis və texniki işçilərə yanğın təhlükəsizliyi tələblərinin öyrədilməsi, onların yanğın təhlükəsizliyi bilgiləri ilə təlimatlandırılması qeyd olunaraq bu istiqamətdə fəaliyyətin təşkil olunması üçün müvafiq tövsiyələr verilib. Həmçinin təhlükə mənbəli istehsalat sahəsində texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, “Neft, qaz və neft-kimya sənayesində təhlükəsizlik qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiqi, bu qaydaların tələblərinə əməl olunması, mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyi bilgiləri ilə təlimatlandırılması və digər məsələlərə də toxunulub.