CƏMİYYƏT
FHN: Nizami rayonunda iki əl qumbarası aşkarlanıb
Bakı, 17 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nizami rayonunda partlayışa təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı partladıcısı üzərində olan bir ədəd F-1 əl qumbarası, bir ədəd RQN-D əl qumbarası və onun bir ədəd partladıcısı olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatları zərərsizləşdirmək üçün ərazidən götürərək kənarlaşdırıblar.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.