CƏMİYYƏT
FHN: Ötən sutka 35 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
Bakı, 31 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 35 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində iki nəfər xilas edilib. Həmçinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində plastmas parçanın və Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar həmin ərazilərdə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və təhlükə aradan qaldırılıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.