CƏMİYYƏT
FHN: Ötən sutka 38 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 38 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 2 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində bir nəfər xilas edilib. Həmçinin helikopter cəlb edilməklə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib. Eləcə də ölkənin şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində nazirliyin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.