CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 112 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 30 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib, Sumqayıt şəhərində 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.