CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 45 halda yanğına çıxış olub

Bakı, 8 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı üçü azyaşlı olmaqla altı nəfər xilas edilib. Həmçinin yanğınlar zamanı doqquz nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.