CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 51 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 46 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 5 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla üç nəfər xilas edilib. Həmçinin paytaxtın Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın və Xəzər rayonunda 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitləri mənzildə bağlı qapı arxasında aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib.
FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.