CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 51 halda yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub. Abşeron rayonunda binada baş verən yanğın zamanı 10 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.