CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 51 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 halda yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla üç nəfər xilas edilib. Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yolu azaraq köməksiz vəziyyətdə qalan üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Qaradağ rayonunda, dənizdə, nəzarətsiz ərazidə batması ehtimal olunan bir nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.