CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 75 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 75 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 6 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində ikisi azyaşlı olmaqla 6 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Habelə 1 nəfərin meyiti mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğlunun meyiti tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.