CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 24 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 80 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.
Həmçinin Qazax rayonunun Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batan bir nəfərin cəsədi xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.