CƏMİYYƏT
FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 12 nəfər xilas edilib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas edilməsi təmin olunub.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Bir nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin paytaxtın Yasamal rayonu ərazisindəki süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində iki nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər davam etdirilir.