CƏMİYYƏT
FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib
Bakı, 18 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 42 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində Qudyalçay çayının kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.