CƏMİYYƏT
FHN: Ötən sutka ərzində səkkiz nəfər xilas edilib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 16 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən 8 nəfər, o cümlədən Abşeron rayonunda “Fiat” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış bir nəfər xilas edilib. Həmçinin paytaxtın Yasamal rayonunda 1940-cı il təvəllüdlü Musayeva Minayə Bəkir qızının meyiti mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.