CƏMİYYƏT
FHN: Qəbələ rayonunda baş vermiş yanğının söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 11-də səhər saatlarında nazirliyin 112 - qaynar telefon xəttinə Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.
Hazırda yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.