CƏMİYYƏT
FHN: Şəmkir şəhərində ikimərtəbəli evdə yanğın baş verib
Bakı, 16 may, AZƏRTAC
Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir şəhərinin E.Hüseynov küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın vətəndaş Süleymanov Fuad Tapdıq oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə keçmək riski çox yüksəkdir.
Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.