CƏMİYYƏT
FHN: Suqovuşan qəsəbəsində mina və partlamamış sursat təhlükəsi olan ərazidə yanğın baş verib
Bakı, 5 avqust, AZƏRTAC
Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.
Yanğın nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində quru ot və kol-kos sahəsi yanıb.
Alovun ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.