FHN: Xızı rayonunda “Qrad” reaktiv mərmisi aşkarlanıb VİDEO
AzerTAg.az
Bakı, 9 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xızı rayonunun ərazisində sursat aşkarlanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların 122 millimetrlik BM-21 “Qrad” reaktiv mərmisinin hissələri olduğu müəyyənləşdirilib.
Mərminin hissələri FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.



Xəbərin mətnində orfoqrafik səhv var