CƏMİYYƏT
FHN: Xızı rayonunun Ağdərə kəndində “Qrad” mərmisi və aviabomba aşkarlanıb VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların bir ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və bir ədəd döyüş tətbiqinə yararlı TAB-50 markalı aviabomba olduğu müəyyənləşdirilib.
Hadisə yerinə FHN-in Mülki müdafiə qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da cəlb olunub.
Mərmilər Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.