CƏMİYYƏT
FHN: Xocavənd rayonunda minalanmış sahədə baş vermiş yanğın söndürülüb VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat verilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında nazirliyin müvafiq qüvvələri dərhal yanğının baş verdiyi əraziyə cəlb olunub.
Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi nəticəsində yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın FHN-in Aviasiya dəstəsinin iki helikopteri də cəlb olunmaqla söndürülüb, alovun sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.