CƏMİYYƏT


FHN: Yanğın təhlükəsizliyi qaydaları pozulmuş obyektin fəaliyyəti dayandırılıb

Bakı, 3 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, FHN-nə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsindəki Hacıyev Ruslan İlqar oğlu tərəfindən qanunsuz zəbt edilmiş ərazidə fəaliyyət göstərən obyektdə yanğın təhlükəsizliyi qaydaları pozulmaqla işlənmiş avtomobil yağlarının tədarükü və satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları göstərilən ünvana cəlb edilib.

Obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib. Elektrik təchizatı və elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib. Obyekt ildırımötürücü ilə təmin olunmayıb. Ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış işlənmiş avtomobil yağlarının tədarükü və satışı həyata keçirilən obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Həmçinin zəbt edilmiş obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.