CƏMİYYƏT
FHN: Yaşayış sektorunda şərti yanğın təlimləri davam etdirilir VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Sumqayıt şəhərindəki 40-cı məhəllədə yerləşən “STŞ Turan” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında şərti yanğın barədə “Həyəcan” siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən birgə təşkil olunub.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bu barədə MTK rəhbərliyinə şifahi və yazılı tapşırıq verilib, eyni zamanda, yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı avtonərdivan və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi yolverilməzdir. Belə hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilir.