CƏMİYYƏT
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə yayda çimərliklərdə istirahət edən vətəndaşların əməl etməli olduqları qaydalar əksini tapıb.
Qeyd olunub ki, çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək qadağandır. Bununla yanaşı, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq da qadağan edilib.
Həmçinin əhaliyə çimərlikdə uşaqları nəzarətsiz qoymamaq, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etmək tövsiyə olunur.
Vətəndaşların diqqətinə çatdırılır: “Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”.