CƏMİYYƏT
FHN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib
Bakı, 22 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilməsi şəraitində çimərliklərdən istifadənin qarşısının alınması ilə bağlı əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə nazirliyin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.
Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırır.