CƏMİYYƏT
FHN əməkdaşları üçün inşa edilmiş yaşayış binaları istifadəyə verilib VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları üçün inşa olunmuş hər biri 12 mərtəbəli, 96 mənzilli iki yaşayış binası istifadəyə verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yaşayış binalarının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində hər cür şəraiti olan mənzillərin istifadəyə verildiyini qeyd edib.
Mənzil alan əməkdaşları Novruz bayramı münasibətilə təbrik edən Faiq Tağızadə vurğulayıb ki, yeni mənzillərin təqdim olunması kollektivin bayram sevincini ikiqat artırıb.
Yeni mənzil alanlar adından kapitan Şahbaz Həsənov çıxış edib. O deyib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilərin və nazirliyin mülki əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində təqdim olunan yeni mənzillər onların ailələrinə əsl bayram hədiyyəsidir. Bu qayğı FHN əməkdaşlarının daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olacaq.
Sonra fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa olunub.