CƏMİYYƏT
FHN ilə NATO-nun müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazir müavini E.Mirzəyev nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, Bakıda təşkil olunan beynəlxalq təlimin əhəmiyyətindən danışıb. Nazir müavini NATO və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Qonaq NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini qeyd edib.
Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.