CƏMİYYƏT
FHN-in 112 - qaynar telefon xəttinə psixoloji yardımla bağlı 1400-dən çox müraciət daxil olub
Bakı, 11 avqust, AZƏRTAC
Ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 112 qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 24 saat fasiləsiz xidmət aparan nazirliyin xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi yardım göstərirlər. Ötən müddətdə psixoloji yardımla bağlı Bakıdan və respublikanın müxtəlif regionlarından “qaynar xətt”ə 1400-dən çox müraciət daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.
Psixoloji yardımın təşkilində əsas məqsəd vətəndaşları psixoloji problemlərlə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar nazirliyin 112 - qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.