CƏMİYYƏT
FHN-in Akademiyasına kursant qəbulu elan edilir
Bakı, 22 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2020-2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti dörd ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir. Qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun bakalavr ali peşə ixtisas dərəcəsi verilir. Onlar müvafiq rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.
Qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı bu il sentyabrın 15-dək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı cari il sentyabrın 15-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər iyunun 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət olunmaqla Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Abituriyentlər aşağıda qeyd edilmiş telefon “WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.
Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20, WhatsApp: (050) 226 77 41, email: [email protected].
Həmçinin daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.