CƏMİYYƏT
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda kursant və magistrantların VII elmi-praktik konfransı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan akademiyanın rəisi, general-mayor Baba Salayev ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün lazımi şəraitin yaradıldığını və bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Elmi-praktik konfransın əhəmiyyətindən danışan B.Salayev akademiyada kursant və magistrantların elmi-tədqiqat işlərinə maraqlarının formalaşması, tədris materiallarının yaradıcı səviyyədə mənimsənilməsi, elmi araşdırma üsullarının dərindən öyrənilməsi və elmi konfransların keçirilməsinə hər zaman geniş yer verildiyini söyləyib.
Konfransda akademiyanın magistrant və kursantları məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Tədbirin sonunda bir neçə kursant və magistrant Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Fəxri fərmanı ilə təltif olunub.