CƏMİYYƏT


FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib VİDEO

Bakı, 23 may, AZƏRTAC 

Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsiminin yaradıcılığı əsrlərdir elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb, 1979-cu ildə Bakıda abidəsi ucaldılıb. 2017-ci ilin mayında Parisdə UNESCO-nun qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib. Ötən il sentyabrın 27-30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Nəsimi festivalı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında sərəncamları şairin irsinə dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisidir.

AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov dahi şairin həyat və yaradıcılığı, dünya poeziyasında yeri, fəlsəfi baxışları, Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqe, şairin ədəbi irsinin tədqiqi sahəsində görülən işlər və Nəsimi irsi barədə ətraflı məlumat veriblər.

Sonda Nəsiminin qəzəllərindən ibarət muğam parçaları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.