QAN YADDAŞI
FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxıb. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq sırf azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən Akademiyanın rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının və şəhidlərimizin intiqamını alıb.
Tədbirdə Akademiyanın Humanitar fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Akademiyanın kursantları Yusif Laçınov və Cəsur İsgəndərli Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.