CƏMİYYƏT
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında sentyabrın 14-də ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul şəxsləri, kursantların valideynləri iştirak ediblər.
Tədbirdən əvvəlcə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, Şəhidlər xiyabanında uyuyan Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Sonra mərasim Fövqəladə Hallar Nazirliyinin Akademiyasında davam edib.
Tədbir iştirakçıları əvvəlcə Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları andiçmə münasibətilə təbrik edərək tədbiri açıq elan edib.
Azərbaycanın dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.
Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə kursantları və onların valideynlərini andiçmə münasibətilə təbrik edərək təhsildə və xidmətdə uğurlar arzulayıb.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qeyd edib ki, hələ sovet hakimiyyəti illərində milli hərbi kadrların hazırlanması məqsədilə müdrik rəhbər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Məktəb açılıb, gənclərimiz hərbi təhsil üçün SSRİ-nin müxtəlif nüfuzlu ali təhsil ocaqlarına göndəriliblər. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra da hərbi kadrların hazırlanması istiqamətində daha genişmiqyaslı işlər görülüb və bu müdrik siyasət Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir müavini bildirib ki, dövlət başçısının xüsusi qayğısı və diqqəti nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da yüksək səviyyəli peşəkar kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılıb.
E.Mirzəyev andiçmə mərasiminin Bakının 1918-ci il sentyabrın 15-də “Sentrokaspi diktaturası” hökumətindən azad edilməsinin 100-cü ildönümü ərəfəsində keçirildiyini xatırladıb, kursantların da hər bir gənc kimi babalarımızın uğrunda döyüşdüyü, şəhid olduğu müqəddəs dəyərlərə sahib çıxmalı olduqlarını diqqətə çatdırıb. Nazir müavini kursantları təbrik edib, uğurlar arzulayıb.
FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirib ki, Azərbaycanda vətənpərvər, yüksək intellektual səviyyəyə və müasir dünya görüşünə malik peşəkar kadrların yetişdirilməsi daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində də bu gün cəmiyyətin müxtəlif sahələrində, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturlarında yüksək səviyyəli peşəkar kadrlar çalışır.
Akademiyanın kursantı İlqar Əliyev kursantlar adından çıxış edərək FHN Akademiyasında təhsil alacağından qürur hissi duyduğunu bildirib.
Valideynlər adından danışan Azad Əliyev kursantları təbrik edib, onlara uğurlar arzulayıb.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.