CƏMİYYƏT


FHN-in Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə konfrans keçirilib

Bakı, 10 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfrans keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin on illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirərək qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail olub. Bu gün də ölkəmizin qarşısında duran strateji vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Akademiyanın rəisi xüsusi vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına böyük diqqət və qayğı göstərilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru professor Əminağa Sadıqov, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Leyla Muradxanlı, FHN Akademiyasının “Təbiət və fundamental fənlər” kafedrasının professoru Xalid Həsənov və həmin kafedranın müəllimi Elvira Qurbanova, Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının baş müəllimi leytenant Maya Qurbanova məruzələrlə çıxış ediblər.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında FHN Akademiyasının və bir sıra ali məktəblərin nümayəndələri müxtəlif mövzularda məruzələrlə çıxış edib, mövzular ətrafında geniş müzakirələr aparıblar.

Tədbirin sonunda fərqlənən iştirakçılar FHN Akademiyasının fəxri fərmanları ilə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.